IOL-Müsabiqə Qaydaları

Azərbaycanca

Fərdi müsabiqəsinin qaydaları

Fərdi müsabiqədə riayət olunmalı qaydalar aşağıda verilmişdir. Bu qaydalar IOL-un açılış mərasimində ingilis dilində izah ediləcək. Qaydaların bütün dillərə tərcümələri eyni qüvvəyə malikdir.

  1. Müsabiqə dili
    • Hər bir iştirakçı təqdim olunan dillərin siyahısından istifadə edəcəyi dili seçir. Dil seçiminiz, adətən, Olimpiada başlamazdan iki həftə əvvələ qədər dəyişdirilə bilər.
    • Sizə ən rahat və ən yaxşı bildiyiniz dili seçməlisiniz. Yayılmış ümumi təsəvvürlərin əksinə, heç bir dilin digərindən üstünlüyü yoxdur, yoxlanılan bütün dillər IOL üçün eyni dərəcədə etibarlıdır.
    • Siz öz dilinizdə yazılmış çalışmalar toplusunun surətini alacaqsınız. Əgər sizə verilən çalışmalar tələb etdiyiniz dildən fərqlidirsə, müsabiqə başlamazdan əvvəl nəzarətçiyə məlumat verməyiniz xahiş olunur.
    • Həllərinizi də eyni dildə yazmalısınız. Bunun əksini etmək heç bir üstünlük qazandırmır, əksinə səhvlərinizi göstərməklə bal itirə bilərsiniz.
  2. Sual Toplusu
    • Sual toplunuzda istənilən qaydada həll edə biləcəyiniz 5 fərqli sual mövcuddur. İştirakçı birdən çox sual vərəqi ala bilməz, tələb etməməyiniz xahiş olunur.
    • Müsabiqənin müddəti 6 (altı) saatdır.
    • Müsabiqənin sonunda siz sualları götürə bilərsiniz, münsiflər heyətinin qiymətləndirəcəyi bütün həlləri təqdim etməlisiniz. Həllərinizi sizə verilən zərfin içinə qoyun, qaralamadakı həllərinizi isə saxlaya bilərsiniz.
    • Suallar xətaların olmaması üçün diqqətlə yoxlanılıb, əgər hər hansı bir sualda xəta olduğunu düşünürsünüzsə, əlinizi qaldırın və nəzarətçilərdən birinə bildirin. Burada münsiflər heyətini məlumatlandırmaq və sizə öz dilinizdə cavab verilməsi vaxt tələb edə bilər, bu müddət ərzində siz başqa sual üzərində işləyə bilərsiniz.
  3. Cavab vərəqi
    • Sual cümlələrini köçürməyin.
    • Hər bir sualın həllini ayrı vərəq(lər)ə yazın. Hər sual fərqli münsiflər heyəti üzvü tərəfindən qiymətləndiriləcəyi üçün eyni vərəqdə birdən çox suala cavab verilməməlidir.
    • Hər səhifədə adınızı və sıra nömrənizi göstərən etiketi yapışdırın. Etiketdə sualın hansı səhifəsini həll etdiyinizi göstərin. Məsələn; 3-cü sual, səhifə 1/4, 3-cü sual, səhifə 2/4 (ümumilikdə 4 səhifədən 1-cisi, ümumilikdə 4 səhifədən 2-cisi deməkdir) Etiketləriniz tükənərsə, bu məlumatları səhifənin yuxarı hissəsinə yazın; məsələn, ad - sıra nömrəsi - sual nömrəsi - sualın səhifə nömrəsi.
    • İstəsəniz kağızın hər iki tərəfindən istifadə edə bilərsiniz, sadəcə olaraq hər iki tərəfdə eyni suala cavab verməlisiniz.
    • Cavablarınız izahatla müşayiət olunmalıdır. Hətta mükəmməl bir cavab düzgün izah edilmədikdə bal itirə bilər.
    • Bu izahat tapdığınız qaydaların ətraflı və sistemli xülasəsi olmalıdır, qaydaları necə tapdığınızı izah etməyə ehtiyac yoxdur. (Sual birdən çox cavab tələb etmirsə) Digərinin də doğru ola biləcəyini düşünərək fərqli cavablar verməməlisiniz. Biri düzgün olsa belə, fərqli cavablarınız səbəbilə bal qazanmayacaqsınız. Alternativ ziddiyyətli izahatlar versəniz, bal itirəcəksiniz, cavabınıza daxil etmək istəmədiyiniz hissəni silməyə və ya üstündən xətt çəkməyə diqqət yetirin.
    • İmtahan bitdikdən sonra həllərinizi zərfin içinə qoyun.
  4. Özünüzlə nə gətirməlisiniz?
    • Yazmaq üçün lazımi qələm: Karandaş əvəzinə diyircəkli/mürəkkəbli qələmə üstünlük verilir, lakin məcburi deyil. Fərqli rəngli qələmlərdən istifadə həllinizin təqdimatını daha anlaşılan edə bilər. Qırmızı qələmdən istifadə etməməlisiniz, bu, münsiflər heyətinin yoxlama zamanı istifadə etdiyi rəngdir.
    • Həllləriniz üçün vərəq veriləcək. Əgər sizə əlavə vərəq lazımdırsa, əlinizi qaldıraraq nəzarətçidən daha çox ala bilərsiniz.
    • Müsabiqə zamanı sizə daha çox qələm də təqdim olunacaq. Qələmə ehtiyacınız varsa, əlinizi qaldırıb nəzarətçidən ala bilərsiniz.
  5. Özünüzlə nə gətirə bilərsiniz?
    • Özünüzlə yemək və içki gətirə bilərsiniz, müsabiqə zamanı qablaşdırılan nahar təqdim olunacaq.
    • Öz yeməyinizi gətirdiyiniz təqdirdə, digər iştirakçıları narahat etməmək üçün səssiz və təmiz yeyilə bilən, kəskin qoxusu olmayan bir yemək gətirməyiniz xahiş olunur.
    • Yarış zamanı sizə lazım ola biləcək istənilən dərmanı gətirə bilərsiniz. Əgər xüsusi ehtiyacınız varsa, komanda rəhbəriniz təşkilatçılara əvvəlcədən məlumat verməlidir.
    • Saatı yoxlamaq üçün özünüzlə saat və ya vaxt göstərən cihaz gətirə bilərsiniz. Gətirdiyiniz cihaz (a) səssiz və (b) kənar şəxslərlə əlaqə qurma imkanı verməyən qurğu olmalıdır. Müsabiqə zalında divarda böyük bir saat asılı olacaq, öz saatınıza ehtiyacınız olmayacaq.
  6. Özünüzlə nə gətirməməlisiniz?
    • Heç bir yazılı sənəd gətirməməlisiniz (məsələn, lüğət)
    • Qulaqlıqla dinləməyi planlaşdırsanız belə, özünüzlə heç bir musiqi və ya əyləncə cihazı gətirməməlisiniz.
    • Elektron siqaret də daxil olmaqla siqaret çəkmək qadağandır.
    • Kənar aləmlə əlaqə saxlaya biləcəyiniz noutbuk, planşet, cib telefonu, ağıllı saat və ya bənzər hər hansı cihaz gətirmək qadağandır. Bunlardan hər hansı birini daşıdığı müşahidə edilən iştirakçı müsabiqədən kənarlaşdırılacaq.
  7. Müsabiqə zalına giriş və çıxış
    • Sizin üçün ayrılmış sırada əyləşməlisiniz.
    • Əgər müsabiqəyə 30 dəqiqə geciksəniz, zala buraxılmayacaqsınız.
    • Əgər müsabiqə zalını müvəqqəti tərk etməyiniz zəruridirsə, əlinizi qaldırmağınız xahiş olunur. Sizi nəzarətçi müşayiət edəcək. Xahiş edirik, digər müsabiqə iştirakçılarını narahat etmədən zalı tərk edin.
    • Müsabiqə başlandıqdan 30 dəqiqə sonra öz həllərinizi təqdim edib müsabiqə zalını tərk edə bilərsiniz, bu halda müsabiqəyə qayıda bilməyəcəksiniz.
  8. Sorğu
    • Suallar toplusu ilə yanaşı, müsabiqə zamanı cavablandırmalı və doldurmalı olduğunuz bir anket alacaqsınız.
    • Anketdə cavablandırdığınız çalışmalara dair suallar olacaq. Bu məlumat münsiflər heyətinə sualların uyğunluğu barədə qərar verməyə kömək edəcək.
    • Anketdə sizdən ən çox hansı sualı bəyəndiyiniz soruşulacaq.
    • Anket suallarına verdiyiniz cavablar ümumi balınıza təsir etməyəcək.
    • Anket ayrıca yığılacaqdır.

Komanda müsabiqəsinin qaydaları

Aşağıdakı qaydalar və təlimatlar komanda müsabiqəsində iştirakçıların əməl etməli olduğu qaydalardır.

  1. Müsabiqə dili
    • Komandanıza sual yalnız bir dildə veriləcək.
    • Həll zamanı komandanızın işlədiyi dildən istifadə etməlisiniz. Fərdi müsabiqə zamanı bəzi komanda üzvləri fərqli dillərdə işləməyə üstünlük verə bilər, lakin komanda yarışında vahid həll dili seçilməlidir.
  2. Çalışma
    • Komanda yarışında yalnız bir sual veriləcək.
    • Hər bir komanda üzvü çalışmanın surətini alacaq, lakin siz komanda olaraq yalnız bir həll təqdim etməlisiniz.
    • Müsabiqənin müddəti 4 (dörd) saatdır və müsabiqə başlamazdan əvvəl dəqiqliklə elan olunacaqdır. Komanda lideriniz başlama və bitmə vaxtlarınızı qeyd edəcək. Fərdi müsabiqədə olduğu kimi yemək veriləcək, öz yeməyinizi də gətirə bilərsiniz.
  3. Tərəfdaşlıq
    • Komanda yarışında sualı həll edərkən birlikdə danışa bilərsiniz.
    • Fərdi müsabiqədə materiallar və elektron cihazlarla bağlı məhdudiyyətlər komanda yarışına da şamil edilir.
    • Yarış zamanı komandanız üçün ayrıca otaqla da təmin ediləcəksiniz, nəzərə alın ki, qonşu otaqlardakı komandalar, xüsusən də pəncərələr açıqdırsa, müzakirələrinizi eşidə və yaxud çox yüksək səslə danışdığınız halda narahat ola bilərlər.
  4. Müsabiqə zamanı otağı tərk etmək
    • Müsabiqə zamanı otağı tərk etməyinizi şərtləndirəcək bir vəziyyət yaranarsa, nəzarətçinizlə məsləhətləşin. Sizi müşayiət etmək üçün kimsə gələnə qədər gözləməli ola bilərsiniz.
  5. Bitirmə
    • Cavab vərəqlərinizi zərfin içinə qoyun. Nəzarətçiniz zərfi bağlayaraq münsiflər heyətinə təhvil verəcək.
    • Qonşu otağınızdakı komanda sizdən gec başlamış və hələ də işləməyə davam edə bilər. Otaqdan çıxarkən sakitliyə riayət etməyiniz xahiş olunur.

This version is out-of-date.